DÜNYA
Nepalda avtomobilin çaya aşması nəticəsində 6 hindistanlı həlak olub
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 3-nə keçən gecə Nepalin şərqində yerləşən Kosi zonasında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 6 Hindistan vətəndaşı həlak olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident Nepalın Hindistanla sərhədi yaxınlığında qeydə alınıb. Avtomobilin çaya aşmasının səbəbi bəlli deyil.
Qəza nəticəsində sərnişinlərin 3-ü hadisə yerində, digər 3-ü isə xəstəxanaya aparılan zaman həlak olub. Həmçinin avtomobilin sürücüsü də daxil olmaqla daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə ilə əlaqədar təhqiqat başlayıb.
Qeyd edək ki, avtomobil yollarında sıxlıq, yol örtüyünün vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Hindistanda ciddi yol-nəqliyyat hadisələrinə səbəb olur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərədək, il ərzində isə təxminən 150 min insan həyatını itirir.