DÜNYA
“Nikkey” indeksi son yeddi ildə ilk dəfə ili itki ilə başa vurub
Tokio, 29 dekabr, AZƏRTAC
Dekabrın 28-də Tokio Fond Birjasında Yaponiyanın əsas indeksi hesab olunan “Nikkey” son yeddi ildə ilk dəfə ili itki ilə başa vurub.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu, Yaponiyanın Baş naziri Şinzo Abenin hakimiyyətə gəlişindən sonra həyata keçirdiyi yeni iqtisadi siyasət dövründə ilk dəfə baş verib.
Dekabrın 28-də həmin indeks 62 bənd və ya 0,3 faiz itirərək 20014 bəndində dayanıb. Dekabrın 27-də bazarda baş verən ən böyük sıçrayışdan sonra investorların çoxu gəlir əldə etmək məqsədilə qiymətli kağızları satmağa başlayıblar.
Qeyd olunur ki, cari il ümumilikdə “Nikkey” indeksi üçün qeyri-stabil olub. Belə ki, yanvarda qlobal iqtisadiyyatın inkişafı fonunda bu indeks son 27 ilin ən yüksək həddinə çatıb. Lakin fevralda bazarda yenə eniş müşahidə olunub. Buna səbəb kimi ABŞ iqtisadiyyatında baş verən və ABŞ Federal Ehtiyat Sisteminin dərəcələrinin daha tez bir vaxtda qaldırılacağına yaranan şübhələr göstərilir.
Oktyabrda, ticari qarşıdurma zəiflədikdən sonra indeks yenidən bərpa olub. Son 27 ilin rekord göstəricisi yenidən təzələnib. Lakin tezliklə hər şey yenidən, əvvəlkindən daha ciddi şəkildə təkrar olunub. İlin sonuna bazarda baş verən gözləmələr fonunda indeks yenidən 20 faiz itirib. Mütəxəssislər bunun əsas səbəbi kimi, ABŞ ilə Çin arasındakı ticari qarşıdurmanın iqtisadi inkişafa mənfi təsirini göstərirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio