MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində yeni filmlər VİDEO
Bakı, 15 yanvar, AZƏRTAC
Nizami Kino Mərkəzində yanvarın 15-dən etibarən “Girov 3” və “Sınmayan” filmlərinin nümayişinə başlanılır.
Nizami Kino Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Fransa istehsalı olan “Girov 3” filmini Lyuk Bessonun ssenarisi əsasında rejissor Olivye Maqaton döyüş və kriminal triller janrında çəkib.
Keçmiş dövlət agenti Brayan Millsin həyatı darmadağın olur, onu etmədiyi cinayətdə - adam öldürməkdə günahlandırırlar. Polis inspektorunun nəzarəti altında olmağına baxmayaraq Brayan əsl cinayətkarın izini özü tapmağa çalışır.
Filmdə Liam Nison, Forest Uitaker, Famke Yanssen, Meqqi Qreys, Düqrey Skott, Don Xarvi, Dilan Bruno, Devid Uorşofski, Con Qrayz, Endrü Borba və başqaları çəkiliblər.
Amerika istehsalı olan “Sınmayan” filmini isə Koen qardaşlarının ssenarisi əsasında, bu dəfə özünü rejissorluqda sınayan cazibədar Ancelina Coli çəkib. Film bioqrafik hərbi dram və idman janrındadır.
Real hadisələr üzərində qurulmuş film, 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında iştirak etmiş amerikalı Lui Zamperinin həyatından bəhs edir. Final qaçışda qalibiyyət qazanmayan idmançı, aydın olmayan səbəbdən Hitlerin diqqətini çəkir və o, idmançını lojasına dəvət edir. Növbəti Olimpiya oyunlarında Zamperinin iştirakı güman edilsə də, İkinci Dünya müharibəsinin başlaması onun idman karyerasına son qoyur. Cəbhəyə yollanan Lui yaponların əsirliyinə düşür və ağır işgəncələrə məruz qalır.
Rolları aktyorlar Cek Okonnell, Donal Qlison, Takamasa İsixara, Qarret Xedlund, Finn Uittrok, Mettyu Kroker, Cay Kortni, Maddalena İskyale, Vinçenso Amato, Con Maqaro və başqaları canlandırıb.