REGİONLAR
“Nuh Yurdu” intellektual oyununun Babək rayon birinciliyinin qalibi müəyyənləşib
Naxçıvan, 10 oktyabr, AZƏRTAC
Babək rayon Mədəniyyət Evində yeniyetmələr arasında “Nuh Yurdu” intellektual oyununun Babək rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, birincilik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikasının “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Oyun başlamazdan əvvəl Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Nazim Salmanlı, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev çıxış edərək bildiriblər ki, oyunun keçirilməsində məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Sonra oyuna start verilib. 8 komandanın iştirakı ilə keçirilən oyun yarımfinal və final mərhələlərindən ibarət olub. Finalda “Payız”, “Nehrəm”, “Zəka” və “Lider” komandaları mübarizə aparıblar.
Yekun nəticələrə görə Payız kənd tam orta məktəbinin “Payız” komandası I yerə, Nehrəm kənd 2 nömrəli tam orta məktəbinin “Nehrəm” komandası II yerə, Kərimbəyli kənd tam orta məktəbinin “Zəka” komandası isə III yerə layiq görülüb.
Qalib komandalara diplom, kubok və fəxri fərmanlar təqdim olunub.