MƏDƏNİYYƏT
Nur-Sultanda keçirilən festivalda Azərbaycan guşəsi maraqla qarşılanıb
Nur-Sultan, 24 may, AZƏRTAC
Nur-Sultandakı “Quality School International” beynəlxalq məktəbində 20-dən çox ölkənin iştirak etdiyi “Beynəlxalq gün” festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalda hər bir ölkənin ərazisi, mədəniyyəti, adət-ənənələri haqqında məlumat verilib, milli geyimlər nümayiş etdirilib.
Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə yaradılan guşədə mədəniyyətimiz, milli mətbəximiz nümayiş etdirilib. Sərgidə “İRS” jurnalı, diplomatik münasibətlərin 100 illiyinə həsr olunan jurnallar, Azərbaycanla bağlı qısa ensiklopedik broşürlər iştirakçılara təqdim edilib. Stenddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini əks etdirən foto və broşürlər də təqdim olunub. Azərbaycan guşəsindəki xalçalarımız, milli mətbəximiz haqqında məlumatlar toplusu, jurnallar maraqla qarşılanıb.
Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam edib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan