Nyu-York azərbaycanlıları Həmrəylik Gününü qeyd etmişlər
AzerTAg.az
Vaşinqton, 28 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, qurumun dəstəyi ilə Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan icma təşkilatları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təntənəli şəkildə qeyd etmişlər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunmuşdur.
BMT yanında Daimi Nümayəndəmiz Aqşin Mehdiyev ümummilli lider Heydər Əliyevin iyirmi il əvvəl irəli sürdüyü təşəbbüsü nəticəsində əsası qoyulmuş bu bayram münasibəti ilə Azərbaycan icması üzvlərini təbrik etmişdir. Diplomat 20 illik müstəqilliyimiz dövründə əldə edilən uğurlar, aparılan islahatlar haqda geniş məlumat vermişdir. O, ölkəmizin dünyada artan nüfuzunun nəticəsi olaraq Azərbaycanın bu il BMT-nin mötəbər qurumu olan Təhlükəsizlik Şurasının 2012-2013 illər ərzində qeyri-daimi üzv seçilməsini böyük qələbə kimi dəyərləndirmişdir.
Sonra çıxış edən icma fəalları doğma Vətənimizin başa çatmaqda olan ildə əldə etdiyi iqtisadi nailiyyətlər, beynəlxalq aləmdə atdığı inamlı addımlar barədə rəylərini bildirmişlər. Toplantı iştirakçıları Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 50 illik yubileyi münasibətilə dövlət başçısına təbriklərini səsləndirmişlər.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Aqşin Mehdiyev Nyu-Yorkda geniş yayımlanan “Davidson radiosu”na dəvət olunmuşdur. Azərbaycan diplomatı bir saatlıq verilişdə dinləyicilərə ölkəmiz haqda geniş məlumat vermişdir. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanın apardığı işğalçı siyasətin Cənubi Qafqaz bölgəsində sülhə və təhlükəsizliyə əsas təhdid olduğunu vurğulamışdır. Müsahibənin sonunda Aqşin Mehdiyev çoxsaylı sualları cavablandırmışdır.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Xəbərin mətnində orfoqrafik səhv var