MƏDƏNİYYƏT
“OĞURLANMIŞ, YAXUD QANUNSUZ ÇIXARILMIŞ MƏDƏNİYYƏT SƏRVƏTLƏRİ HAQQINDA” KONVENSİYAYA QOŞULMAQLA BAĞLI BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
Azərbaycan Beynəlxalq Xüsusi Hüquqi Unifikasiya İnstitutunun (YUNİDRUA) “Oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəniyyət sərvətləri haqqında” Konvensiyaya qoşulması üzrə beynəlxalq konfransı mədəniyyət naziri Polad Bülbüloğlu açaraq qonaqları, iştirakçıları salamlamış və bildirmişdir ki, bu tədbir 1995-ci il iyunun 24-də İtaliya hökumətinin təklifi ilə qəbul edilmiş “YUNİDRUA” Konvensiyasına və 2003-cü il iyunun 6-da Azərbaycanın həmin Konvensiyaya qoşulmasına həsr olunur. Məqsəd bu Konvensiyaya qoşulmuş ölkələr arasında beynəlxalq mədəni əməkdaşlığın möhkəmləndirilməsinə nail olmaqdır.
Natiq ölkəmizdə milli mədəniyyət sərvətlərinin qorunması, gələcək nəslə çatdırılması ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev qonaqları salamlayaraq konfransın əhəmiyyətindən danışmış, onun işinə uğurlar arzulamışdır.
Konfransda Beynəlxalq Xüsusi Hüquqi Unifikasiya İnstitutunun tədqiqat məsələləri üzrə məsul nümayəndəsi Marina Şnayder “YUNİDRUA Konvensiyası və onun yerinə yetirilməsi mexanızmi”, Beynəlxalq İnterpol Mərkəzi Bürosunun nümayəndəsi Jan Pyer Juani “İNTERPOL və YUNİDRUA –mədəni sərvətlərin qanunsuz çıxarılmasına qarşı həmkarlıq”, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev “Maddi mədəniyyət abidələrinin ölkədən qeyrı-qanuni çıxarılması və onun qarşısının alınması yolları” mövzusunda məruzə etmişlər.
Ümumilikdə konfransda 10-a yaxın məruzə dinlənilib muzakirə olunmuşdur.