İQTİSADİYYAT
OPEC Rusiya ilə Səudiyyə Ərəbistanının neft bazarının sabitləşməsini nəzərdə tutan səylərini dəstəkləyir
Bakı, 6 sentyabr, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və kartelə üzv ölkələr Rusiya ilə Səudiyyə Ərəbistanının neft bazarının sabitləşməsini nəzərdə tutan bəyanat imzalamalarını dəstəkləyir.
AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, OPEC-in baş katibi Məhəmməd Barkindo, Qətər dövlətinin energetika və sənaye naziri Məhəmməd bin Saleh Əl-Sada, o cümlədən də Əlcəzairin energetika naziri Nuredine Buterfa Rusiya ilə Səudiyyə Ərəbistanının neft bazarının sabitləşməsi üzrə atdıqları addımları alqışlayır.
OPEC-in baş katibi dünya neft hasilatçılarını Rusiya və Səudiyyə Ərəbistanının bazarın sabitləşməsini nəzərdə tutan səylərini dəstəkləməyə çağırıb.
“Qətər Səudiyyə Ərəbistanı və Rusiyanın səylərini dəstəkləyir”, - deyə bu ölkənin energetika və sənaye naziri bildirib.
Əlcəzairin energetika naziri isə OPEC-ə üzv ölkələr arasında daha geniş koordinasiyanın vacibliyini qeyd edib.
Qeyd edək ki, Çinin Hançjou şəhərində keçirilən G20 sammiti çərçivəsində sentyabrın 5-də Rusiyanın energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falihin neft bazarının sabitləşməsini nəzərdə tutan bəyanat imzalayıblar.