İQTİSADİYYAT
OPEC-in baş katibi Asiya ölkələrini neft hasilatının azaldılmasına dair sazişdə iştiraka dəvət edib
Bakı, 26 sentyabr, Nihad Budaqov, AZƏRTAC
OPEC-in baş katibi Məhəmməd Barkindo Asiya ölkələrini Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair sazişə qatılmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in baş katibi Sinqapurda keçirilən 33-cü Asiya-Sakit Okean Neft Konfransının iştirakçılarına ünvanladığı videomüraciətində deyib.
O bildirib ki, yaxın gələcəkdə Asiya-Sakit Okean regionu OPEC və Yaxın Şərq üçün neft ixracının həyata keçiriləcəyi əsas bölgə olacaq. 2040-cı ilə qədər Asiya-Sakit Okean regionunda neftin idxalı, Yaxın Şərqdə isə ixracı artacaq.
“Yaxın Şərqdən Asiya-Sakit Okean regionuna xam neft ixracının 2040-cı ilədək gündəlik 7,5 milyon barrel artaraq 14,5 milyon barreldən 22 milyon barrelə çatacağı gözlənilir”, - deyə M.Barkindo əlavə edib.
Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.