REGİONLAR
Oğuz və Qəbələdə fermerlər payızlıq əkinlərə qulluq işləri ilə bağlı maarifləndirilib
Oğuz-Qəbələ, 7 mart, Mustafa Dadaşov, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyindəki Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən şimal-qərb bölgəsi rayonlarında fəaliyyət göstərən taxılçı fermerlər üçün keçirilən maarifləndirici təlimlər davam edir. “Payızlıq taxıl əkinlərinə yemləmə gübrəsinin verilməsi, alaq otlarına qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda növbəti təlim Oğuz rayonunun Bucaq və Qəbələ rayonunun Çuxur Qəbələ kəndlərində keçirilib.
Regional Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, payızlıq əkin sahələrində keçirilən təlimlər zamanı fermerlərə yemləmə gübrəsinin (ammonium nitrat) verilməsinin payızlıq taxılın məhsuldarlığına müsbət təsiri, alaq otlarına qarşı kimyəvi mübarizədə işlədilən herbisidlər, işçi məhlulun hazırlanması və hər hektara məsarif norması, bu zaman təhlükəsizlik qaydalarına əməl olunması barədə ətraflı məlumat verilib. Fermerlərə bitkinin inkişaf fazasından asılı olaraq gübrənin bir neçə dəfəyə verilməsi tövsiyə edilib.
Təlimlər zamanı fermerləri maraqlandıran suallar mərkəzin mütəxəssisləri tərəfindən cavablandırılıb.