CƏMİYYƏT
Ölkə ərazisində havanın temperaturu yüksələcək
Bakı, 15 mart, AZƏRTAC
Ölkə ərazisində martın 16-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal-şərq, şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8°, gündüz 10-15° isti, Bakıda gecə 6-8°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 756 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında martın 16-da hava əsasən yağmursuz keçəcək, lakin gündüzdən bəzi qərb rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 16-21° isti, dağlarda gecə 0-5°, gündüz 6-10° isti olacağı bildirilir.
Sinoptiklərin xəbərdarlığına görə, Bakıda və Abşeron yarımadasında martın 17-si axşamdan 19-u gündüzədək şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18, arabir 20-25 metr olacağı, martın 18-də yarımadanın bəzi yerlərində arabir 28 metrədək güclənəcəyi, arabir yağış yağacağı, martın 20-də axşam kəsiləcəyi gözlənilir. Havanın temperaturu 4-7° enəcək.
Azərbaycanın regionlarında martın 17-si gündüz qərb rayonlarından başlayaraq martın 20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, küləyin sürəti martın 17-19-da arabir 15-20 metr olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcək. Havanın temperaturu 5-8° enəcək. Çaylarda sululuğun artacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 14-19° isti, dağlıq ərazilərdə gecə 2-4° şaxta olacağı ehtimal edilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən etibarən bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 6-10° isti olacaq.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən etibarən bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 15-20° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-5°, gündüz 13-18° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 16-21° isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər dağlarda zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 13-18° isti, dağlarda gecə 1-3°, gündüz 10-15° isti olacaq.