REGİONLAR
Ordubadlı idmançılar ötən il uğurlu nəticələrə imza atıblar
Ordubad, 6 fevral, AZƏRTAC
Ötən il Ordubad rayon idmançılarından Naxçıvan Muxtar Respublikasında keçirilən yarışlarında fərdi qaydada 16 idmançı birinci, 4 komanda isə ikinci yerə layiq görülüb. Ölkə üzrə yarışlarda fərdi qaydada 2 nəfər birinci, 2 nəfər isə ikinci yerə çıxıb. Muxtar respublikanın yığma komandalarının tərkibində beynəlxalq səviyyəli yarışlarda 1 nəfər boks üzrə birinci yerə, 1 nəfər şahmat festivalında 10 yaşlı qızlar arasında ikinci yerə çıxıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı Ordubad rayonunda təşkil olunan yığıncaqda səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək bildirib ki, rayonda ayrı-ayrı idman növləri üzrə 10 federasiya bölməsi fəaliyyət göstərir. “Mövcud infrastruktur və göstərilən dövlət qayğısı nəticəsində 2018-ci ildə gənc idmançılarımız idmanın müxtəlif növləri üzrə keçirilən yarış və çempionatlarda fəal iştirak edib, həm şəxsi birincilik, həm də komanda hesabında qalib olublar”, - deyən Elşad Məmmədov diqqətə çatdırıb ki, ötən il kütləvi bədən tərbiyəsi və idman sahəsində keçirilmiş 40 tədbirdə 1683 nəfərdən çox yeniyetmə və gənc iştirak edib. Hazırda bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayı 6688 nəfərdir ki, onların da 2451 nəfərini qızlar təşkil edir.
Ötən dövrdə sağlamlıq imkanları məhdud uşaqlar da idmana cəlb olunub, həmin kateqoriyadan olan 18 yaşadək 12, 18 yaşdan yuxarı 2 idmançı muxtar respublika səviyyəli idman yarışlarında iştirak edib.
Qeyd olunub ki, Ordubad şəhər 1 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Hüseyn Seyid son 4 ildə ardıcıl olaraq şahmat üzrə Azərbaycan çempionatının finalına vəsiqə qazanıb, 2018-ci ildə Naxçıvanda keçirilən şahmat çempionatında I yeri tutub. Beş istedadlı şahmatçı Mingəçevir şəhərində Azərbaycan çempionatının seçmə turnirində iştirak edib, Hüseyn Seyid 11 yaşlılar arasında II yerə çıxıb. Naxçıvan Muxtar Respublikası Yüngül Atletika yığma idman komandasının üzvü Əmrah Nağıyev 2018-ci ildə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası birinciliklərində qalib gəlib. Həmin komandanın üzvü Xatun Orucova qızlar arasında Naxçıvan Muxtar Respublikasının qalibi olub, Azərbaycan Respublikası birinciliyində birinci yeri tutub. Gülnur Abdullayeva karate-do idman növü üzrə dəfələrlə rayon birinciliklərində, Naxçıvan Muxtar Respublikada birincilik, turnir və yoldaşlıq görüşlərində qələbə qazanıb. Kənan İbrahimov İran İslam Respublikasında keçirilən boks üzrə beynəlxalq turnirdə I yerin qalibi olub.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədilə ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarət artırılmalı, rayon Uşaq-Gənclər İdman və Şahmat məktəblərinin fəaliyyəti gücləndirilməlidir. Mövcud idman infrastrukturundan səmərəli istifadə edilməli, idman obyekt və qurğularının qorunması, sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi diqqət mərkəzində saxlanılmalıdır. Rayon Gənclər və İdman İdarəsi Təhsil Şöbəsi ilə birlikdə idmanın kütləviliyini təmin etmək üçün üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməlidir. Digər müvafiq təşkilatlar, həmçinin federasiya bölmələrinin rəhbərləri gənc və perspektivli idmançıların yetişdirilməsi üçün səylərini artırmalıdırlar. “Ordubad rayonunda 2019-cu il ərzində gənclər və idman sahəsində görüləcək işlərin planı”na daxil edilmiş tədbirlər vaxtında həyata keçirilməli və bütün öhdəliklər yerinə yetirilməlidir.
Müşavirədə Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadıqov, Şahmat Məktəbinin direktoru İsrafil Məmmədov və Paralimpiya Federasiyasının Ordubad rayon bölməsinin sədri Niyazi Quliyev çıxış ediblər.
Sonda ötən il ərzində fərqlənən idmançılar mükafatlandırılıblar.