CƏMİYYƏT
Ortopedik stomatologiya kafedrasında tələbələr üçün aktual mövzuda seminar keçirilib
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) ortopedik stomatologiya kafedrasında “Metalsız keramika altında dişlərin yonulması” mövzusunda seminar keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun ortopedik stomatologiya kafedrasının assistenti Rauf Şahmuradovun sözlərinə görə, seminarın mövzusu təsadüfi seçilməyib. Belə ki, stomatologiyaya dair Azərbaycan dilli ədəbiyyatda dişlərin müasir metodlarla yonulma qaydaları geniş açıqlanmır: “Bu mövzuda müəyyən qədər boşluq yaranıb. Azərbaycan dilində oxuyan tələbələrimiz təəssüf ki, lazımi məlumatı ala bilmirlər. Müasir dövrdə dişlərin qapaq altı üçün yonulma qaydaları dəyişib, köhnə qaydalar tarixdə qalıb. Müasir stomatologiyada işlədilən materiallar və estetik tələblər də dəyişir. Yeni yanaşmanın bir növü metalsız keramik qapaqlar üçün dişlərin yonulması qaydalarıdır”.
R.Şahmuradov qeyd edir ki, ATU-nun ortopedik stomatologiya kafedrasında dərslərin aparılması, treninqlərin keçirilməsi üçün hər cür şərait yaradılıb: “Kafedra müdirinin təşəbbüsü ilə dərs proqramı yenilənib ki, bu proqramın əsasını müasir metodların təbliği təşkil edir. Yəni, həm bacarıq, həm nəzəriyyə, həm də təcrübəyə önəm verilir. Yeni proqram sayəsində tələbələr seminarda bəhs etdiyimiz mövzunu dərsdə də keçə biləcəklər”.
Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov bu tip seminarların tələbə və rezidentlər üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.