REGİONLAR
Ötən ay muxtar respublikada 503 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
Naxçıvan, 8 iyul, AZƏRTAC
Ötən ay muxtar respublikada 503 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 438 texniki sənəd hazırlanıb, yeni yaranmış 32 daşınmaz əmlak obyektinə ünvan verilib, 56 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, torpaqların elektron kadastr uçotunun aparılması məqsədilə Sədərək rayonunda planaalma işləri yekunlaşdırılıb, muxtar respublika üzrə torpaq sahələrinin sərhədlərinin çöl-geodeziya işləri nəticəsində dəqiqləşdirilməsi başa çatdırılıb. Ay ərzində 910 daşınmaz əmlak obyekti plana alınıb. Araz Su Anbarı üzərində qurulacaq yeni nasos stansiyasından qidalanması nəzərdə tutulan suvarma şəbəkəsinin əhatə etdiyi ərazilərdə topoqrafik planaalma işlərinin aparılması davam etdirilib. Gilançaydan qidalanması nəzərdə tutulan suvarma xəttinin əhatə etdiyi, Culfa rayonu üzrə 603, Ordubad rayonu üzrə 587, cəmi 1190 hektar torpaq sahəsində topoqrafik planaalma işləri aparılıb, hazırlanmış xəritə materialları aidiyyəti üzrə göndərilib.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Babək rayonunun Nehrəm qəsəbəsinin ərazisində monitorinqlərə başlanılıb, aşkar olunmuş torpaqdan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində iş aparılıb.
Səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 50 vətəndaşın müraciətinə baxılıb. 11 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.