MƏDƏNİYYƏT
“Oyuq”çular növbəti dəfə fərqlənib
Bakı, 12 aprel, AZƏRTAC
Tamaşa və konsertlərdə iştirak, sosial aksiyalarda təşkilatçılıq ilə yanaşı, təhsil, təlim-tərbiyə ilə bağlı irimiqyaslı layihələrdə də yaxından iştirak edən A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyanın növbəti addımı müsbət qarşılanıb. Belə ki, studiya fəalları Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə “First Lego League Azerbaijan” (FLL) mühəndislik və robot texnikası olimpiadasında iştirak edib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 10-16 yaşlı məktəblilərdən ibarət 30 komandanın - “Əsas dəyərlər”, “Robot dizaynı”, “Layihə təqdimatı” və “Robot oyunu” adlı dörd kateqoriya üzrə - bilik və bacarıqlarını nümayiş etdirdikləri layihənin əsas tədbirində iştirak edən istedadlı “Oyuq”çular təşkilatçılar tərəfindən fərqləndirilib. Onlar Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy”nin təşkilatçılığı ilə təşkil edilmiş “İnto Orbit” mövzulu yerli turnirində göstərdikləri köməyə görə təhsil naziri və universitet rəhbərinin təşəkkürnaməsi ilə təltif olunublar.
Tədbirin aparıcısı İlahə Şıxlınskayanın istedadlı uşaq və yeniyetmələrin özünü realizə imkanlarına şərait yaradılması baxımından “Oyuq” teatr-studiyanın da maraqlı layihələrə imza atdığını qeyd edib.
Universitet ilə teatr-studiyanın ilk əməkdaşlığının uğurlu olduğunu və bu kimi layihələrdə elm və incəsənət sahələrində kövrək addımlarını atan uşaq və yeniyetmələrin bir araya gəlməsinin yaxşı ənənə olduğunu əlavə edib.