İDMAN
Paralimpiyaçı cüdoçularımız ABŞ-da keçiriləcək dünya çempionatında iştirak edəcəklər
Bakı, 29 avqust (AZƏRTAC). ABŞ-ın Kolorado Sprinqs şəhərində paralimpiyaçı cüdoçular arasında dünya çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdo üzrə milli komandası mundialda iştirak etmək üçün avqustun 31-də ABŞ-a yola düşəcək.
Turnirdə baş məşqçi İbrahim İbrahimov və komandanın kapitanı İlham Zəkiyevin rəhbərliyi ilə 12 idmançımız iştirak edəcək.
Yarışda qızıl medal qazanan idmançılar 2016-cı ildə Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək XV Yay Paralimpiya Oyunlarında iştirak hüququ qazanacaqlar.
Avqustun 29-da Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Sumqayıt Paralimpiya İdman Kompleksində milli komandanın son təlim məşq toplantısını izləyərək idmançılarla görüşüb, onların fiziki və psixoloji vəziyyəti ilə tanış olub və komandaya uğurlar arzulayıb.