CƏMİYYƏT
Parlament Jurnalistlər Birliyi cənub bölgəsində bayraq aksiyası təşkil edib
Bakı, 10 noyabr, AZƏRTAC
Parlament Jurnalistlər Birliyi (PJB) Dövlət Bayrağı Günü münasibətilə respublikamızın cənub bölgəsində bayraq aksiyası təşkil edib.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində jurnalistlər əvvəlcə Lerikdə olublar. Bayraq Meydanında rayonun rəsmi şəxsləri, ictimaiyyətin nümayəndələri, müəllimlər, şagirdlərlə görüşən jurnalistlər onlara bayraqlar hədiyyə veriblər. PJB-nin üzvləri Bayraq Muzeyi ilə də tanış olub, rayonun mərkəzində “Şəhidlər” abidə kompleksini ziyarət ediblər.
Sonra jurnalistlər Lənkəran şəhərindəki Heydər Əliyev parkında istirahət edən sakinlərlə görüşərək onlara bayraqlar paylayıblar.
Sakinlər bu cür aksiyaların və tədbirlərin gənc nəsildə Vətənə, torpağa, bayrağa məhəbbət hissinin daha da dərinləşməsində əhəmiyyətini vurğulayıblar.
Daha sonra Masallı rayonuna gələn PJB-nin üzvləri yerli sakinlərlə görüşüb, ictimaiyyətin nümayəndələrinə, xüsusilə yeniyetmə və gənclərə bayraqlar hədiyyə ediblər.
PJB-nin artıq dörd ildir ki, Dövlət Bayrağı Günü münasibətilə ölkəmizin müxtəlif bölgələrində aksiyalar keçirdiyini vurğulayan Birliyin sədri Elşad Eyvazlı deyib: “Məqsədimiz insanlarda Azərbaycan Respublikasının dövlət bayrağına məhəbbət hissini daha da yüksəltməkdir. Bu aksiya gənclərə bayraqların hədiyyə edilməsi ilə məhdudlaşmır. Bu tədbirlərdə həm də ayrı-ayrı bölgələrdə vətəndaşlarımızın bayrağa münasibəti, onunla bağlı məlumatlılıq səviyyəsinin də monitorinqi aparılır. Deyə bilərik ki, ümumi mənzərə çox yaxşıdır. Xüsusilə gənc nəsildə dövlət bayrağımıza, Vətənə məhəbbət hissinin yüksək səviyyədə olması çox sevindiricidir”.