SİYASƏT
Parlament sədri: Malayziya Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
Kuala Lumpur, 8 sentyabr, AZƏRTAC
Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev Malayziya parlamenti Senatının sədri Viqnesvaran Sanasi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu il Azərbaycan ilə Malayziya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin tamam olduğunu qeyd edən Q.Allahverdiyev ötən dövr ərzində iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmləndiyini, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Malayziyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləyən mövqeyinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini xüsusi qeyd edib.
İki ölkə arasında həyata keçirilən yüksək səviyyəli səfərlərin əməkdaşlığın daha da genişlənməsi və dərinləşməsinə münbit zəmin yaratdığını bildirən səfir İslam Konfransı Təşkilatının 1994-cü ilin dekabrında Mərakeş Krallığının Kasablanka şəhərində keçirilən 7-ci Zirvə toplantısı zamanı ümummilli lider Heydər Əliyevin Malayziyanın Baş naziri Mahathir Məhəmmədlə görüşdüyünü, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunda iştirak məqsədilə 2012-ci ilin martında Azərbaycana səfəri zamanı M.Məhəmmədin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini xatırladıb.
Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olduğunu qeyd edən Q.Allahverdiyev ölkəmizin uğurlu sosial-iqtisadi inkişafından, beynəlxalq arenada artan nüfuzundan, irimiqyaslı neft-qaz və nəqliyyat layihələrində iştirakından, mədəniyyətlərarası və dinlərarası dialoqun, eləcə də İslam dəyərlərinin təşviqindəki rolundan, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsindən bəhs edib. 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərinin ölkəmizin demokratik inkişafı və demokratik təsisatların güclənməsi yolunda növbəti vacib mərhələ olduğunu vurğulayıb.
Azərbaycan-Malayziya parlamentlərarası əlaqələrinin hazırkı səviyyəsinin böyük məmnunluq doğurduğunu vurğulayan səfir Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun 2012-ci ildə Malayziyaya rəsmi səfərini qeyd edib. Q.Allahverdiyev Milli Məclisin Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və 13-cü çağırış Malayziya parlamentinin Azərbaycan-Malayziya parlamentlərarası dostluq qrupunun fəaliyyətini yüksək qiymətləndirərək, 14-cü çağırış Malayziya parlamentində Azərbaycanla dostluq qrupunun tezliklə yaradılacağına ümidvar olduğunu bildirib.
Azərbaycan Milli Məclisinin sədri tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyi münasibətilə 2018-ci il sentyabrın 20-də təşkil olunacaq təntənəli tədbirdə iştirak etmək üçün Malayziya parlamenti Senatı və Nümayəndələr Palatasının sədrlərinə dəvət məktubları ünvanlandırıldığını diqqətə çatdıran diplomat sözügedən tədbirdə Malayziyanın yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu qeyd edib.
Ümumdünya “Ekspo 2025” sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin dəstəklənməsi məqsədilə Azərbaycan tərəfindən Malayziyaya müraciətlər olduğu bildirilib, bununla bağlı 2018-ci il martın 8-də Malayziyanın dövlət qurumlarının iştirakı ilə rəsmi təqdimatın keçirildiyi qeyd edilib, məsələdə Malayziya parlamentinin dəstəyi də xahiş olunub.
2005-ci ildə Azərbaycana səfəri zamanı ölkəmizin sürətli inkişafının canlı şahidi olduğunu qeyd edən Viqnesvaran Sanasi səfərlə bağlı xoş təəssüratlarını bölüşüb.
Sədr Malayziya parlamentinin Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirmək əzmində olduğunu vurğulayaraq, 14-cü çağırış Malayziya parlamentində Azərbaycanla dostluq qrupunun tezliklə yaradılması və Senat üzvlərinin həmin qrupa daxil edilməsi üçün lazımi səylər göstərəcəyini bildirib.
Viqnesvaran Sanasi Malayziya parlamenti adından və öz adından Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyi münasibətilə səmimi təbriklərini çatdıraraq, təntənəli tədbirdə Malayziya nümayəndə heyətinin iştirak edəcəyinə ümidvar olduğunu deyib.
Sədr Ümumdünya “Ekspo 2025” sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinə dəstək ifadə edərək, bu namizədliyin ölkəsi tərəfindən dəstəklənməsi üçün Malayziyanın məsul dövlət qurumları ilə iş aparılacağını qeyd edib.
Söhbət zamanı, həmçinin digər ikitərəfli əməkdaşlıq məsələləri, Malayziyada hakimiyyət dəyişikliyi və mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov və Viktor Andriyanovun həmmüəllifləri olduqları “Görkəmli adamların həyatı” silsiləsindən “Heydər Əliyev” və “Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitablarının malay dilində nəşri Datuk Viqnesvaran Sanasiyə təqdim edilib.
Görüşdə senatorlar Xairudin Samad və Çandra Mohan S.T. də iştirak ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur