ELM VƏ TƏHSİL
Paytaxt məktəbliləri arasında bədii qiraət müsabiqəsi keçirilir
Bakı, 16 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsi keçirilir.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqə iki yaş qrupu üzrə (10–14 və 15-18) mart və apreldə üç mərhələdə keçirilir. Müsabiqənin birinci mərhələsi martın 15–dən aprelin 10-dək təhsil müəssisələrində təşkil olunur. Məktəbdaxili yarışmada hər yaş qrupu üzrə yalnız birinci yerin qalibləri rayon mərhələsində iştirak etmək hüququ qazanacaq. Müsabiqənin ikinci mərhələsi aprelin 13-dən 20-dək olacaq. “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin üçüncü mərhələsi isə aprelin 25-dən 28-dək keçiriləcək. Müsabiqənin üçüncü mərhələsində rayon mərhələsində hər yaş qrupu üzrə I, II və III yerləri tutmuş şagirdlər iştirak edəcəklər.
“Azərbaycan Xalq Cümhuriyyəti İli” milli özünüdərkin gerçəkləşməsi üçün zəmindir” mövzusunda müsabiqənin keçirilməsinin əsas məqsədi Şərqdə ilk demokratik respublika qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, vətənpərvərlik hisslərini daha da artırmaq, nitq mədəniyyətlərini formalaşdırmaq və bədii qiraət sahəsində istedadlı şagirdləri müəyyənləşdirməkdir.
Müsabiqənin əsasnaməsinə görə, seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, təqdimetmə bacarığı və ifa üçün ayrılmış vaxta riayət edilməsi əsas meyarlardır. Qeyd edək ki, hər bir şeirin ifası üçün ayrılmış vaxt 5-7 dəqiqədir.
“Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin qalibləri beş ballıq sistem üzrə qiymətləndiriləcəklər.
Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.