ELM VƏ TƏHSİL


Paytaxt məktəblilərindən şəhidlərə aid tədqiqat layihəsi

Bakı, 7 fevral, AZƏRTAC

Bakı şəhəri 67 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Zəfəri yaşadanlar” layihəsi həyata keçirilir.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəbin “Kiçik Akademiya”sı tərəfindən reallaşdırılan layihənin əsas məqsədi Zəfər tariximizi və Vətən müharibəsi şəhidlərinin qəhrəmanlıq salnaməsini araşdırmaq, onu gələcək nəsillərə ötürmək, yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaqları aşkara çıxarmaq və şagirdlərdə tədqiqatçılıq qabiliyyətini formalaşdırmaqdan ibarətdir.

Məktəbin müəllim, şagird və valideyn kollektivinin birgə ərsəyə gətirdiyi bu layihə çərçivəsində ilk olaraq Vətən müharibəsi şəhidlərinin siyahısı müəyyənləşdirilib. Məktəbdə təhsil alan hər şagirdə bir şəhid haqqında məlumat toplamaq, araşdırma aparmaq, onlara aid sənəd və fotoşəkilləri əldə etmək tapşırılıb.

Daha sonra şəhidlər haqqında məlumatlar və onların fotoları əlifba sırası ilə ardıcıl şəkildə qovluqlara toplanıb. Sonda 44 günlük Vətən müharibəsini simvolizə edən 44 rəqəmi formasında rəf eskizi yaradılıb. Yaradılmış bütün qovluqlar həmin rəflərə yerləşdirilərək, məktəbin Zəfər muzeyində nümayiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.