ELM VƏ TƏHSİL
Pedaqoji Universitetdə tələbələr üçün “Microsoft Office” tətbiqi proqramları üzrə təlim kursuna start verilib
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbə Turanə Paşayevanın təşəbbüsü və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə “Microsoft Office tətbiqi proqram paketi”nə daxil olan “MS Word”, “MS Excel” və “MS PowerPoint” proqramlarında praktiki və səmərəli işləmə üzrə təmənnasız könüllü təlim kursuna start verilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, təlim kursunun təşkilində məqsəd tələbələrin onlayn dərslərinə dəstək göstərmək, onların informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarını artırmaqdır. Təxminən iki ay keçiriləcək təlimlərə qoşulmaq üçün 300 nəfərə yaxın tələbə müraciət edib.
Təlim “MS Teams” platformasında paralel qruplar üzrə həftədə 3 dəfə, 1,5 saat olmaqla praktik şəkildə keçirilir. Təlimlər layihənin təşəbbüsçüsü, informatika müəllimliyi ixtisasının birinci kurs tələbəsi, könüllü təlimçi Turanə Paşayeva, ADPU-nun İKT Mərkəzinin bölmə müdiri Rüfət Əliyev və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli tərəfindən paralel şəkildə aparılır. Növbəti aylarda layihənin yeni qruplarla davam etdirilməsi planlaşdırılır.