MƏDƏNİYYƏT
Peşəkar hərbçilikdən rəssamlığa gedən yol - Ukraynada tanınan həmvətənlərimiz
Kiyev, 3 sentyabr, AZƏRTAC
Özü sakit, soyuqqanlı təsir bağışlasa da, çəkdiyi əsərlərdə bir istilik, canlılıq, çılğınlıq hiss olunur. Hər bir əsərində həyat eşqi sezilməkdədir. Üstəlik Vətəndən uzaqda yaşadığından, yaratdığı portretlərində Vətən həsrətini duymamaq mümkün deyil.
Boyanmış hər şəklində bir həyat eşqi var
Ukraynanı ikinci Vətən bilən azərbaycanlı rəssam Əsgər Cavadov 1962-ci ildə Bakı şəhərində anadan olub. 1969-1979-cu illərdə Xırdalan şəhərindəki 1 nömrəli orta məktəbi bitirib. Hələ orta məktəbdə oxuyarkən onda rəssamlığa maraq oyanıb. Rəssamlığın ilk sirlərini o vaxtı Bakıda Qaqarin adına Pioner Sarayında Azərbaycanın Əməkdar rəssamı Teymur Rzayevdən öyrənib. 1980-ci ildə Sovet ordusunda həqiqi hərbi xidmətə gedib. 20 il SSRİ və Azərbaycan silahlı qüvvələrində peşəkar hərbçi həyatı yaşayıb. Leninqradda hərbi məktəbdə təhsil alıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətinin silahlı qüvvələrində qulluq edib. Türkiyədə hərbi kurslarda iştirak edib. 2000-ci ildə isə kapitan rütbəsi ilə təqaüdə çıxıb.
Rəssam qeyd edir ki, elə bundan sonra uşaqlıq arzusunun dalınca qaçıb. Peşəkar rəssamlıqla məşğul olmağa başlayıb. Ukraynanın təbiətinin gözəlliyi, rəssamların arzuladığı obrazları tapması Ə.Cavadovun bu ölkəyə gəlməsinə səbəb olub. Artıq 15 ilə yaxındır ki, Ukraynada peşəkar rəssamlıqla məşğul olur.
“Boyanmış hər şəklimdə bir həyat eşqi var. Son 5 ildə Ukraynada 200-dən artıq rəsm işim müxtəlif yerlərdə nümayiş etdirilib. Əsərlərimin bəziləri 500 dollar dəyərində alınıb”, - deyə Ə.Cavadov bildirib.
Azərbaycanlı rəssamın Ukraynada onlarla beynəlxalq sərgilərdə əsərləri nümayiş etdirilib.
Azərbaycanı həmişə bütün səviyyələrdə
layiqincə təmsil etməyə çalışıram
Azərbaycanla bağlı danışmağa başlayanda, rəssamın üz cizgilərində həm Vətən sevgisi, həm də Vətən nisgilini hiss etdim. Danışdıqca duyuram ki, onun bir sevgisi, bir yanğısı var. O da Azərbaycandır: “Azərbaycan mənim doğma Vətənimdir, o həmişə mənim qəlbimdədir. Həmişə bütün səviyyələrdə Azərbaycanın adını yüksək tutacam və layiqincə təmsil edəcəyəm. Bunun üçün varlığımla çalışıram”.
Rəssam hesab edir ki, Vətəni sevmək ona bağlılıqdan, onu qorumaqdan keçir. Harada yaşamasında asılı olmayaraq, hər bir azərbaycanlı bu missiyanı çiyinləri üzərində daşımalıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev