İQTİSADİYYAT
Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirən avtomobil yolunda işlər davam etdirilir
Bakı, 21 aprel (AZƏRTAC). Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, avtomobil körpüsünün tikintisi və yol ətrafı zonada ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə yol boyunca sahilbərkitmə işləri ilə bağlı layihənin artıq 60 faizi yerinə yetirilmişdir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrdə yerləşir. Körpünün uzunluğu giriş-çıxış hissəsi arasında 710 metr, yanaşma yolları ilə birlikdə isə 1357 metr, eni 14 metr, hərəkət hissəsi 11,5 metr təşkil edir. Körpünün üstündə piyadaların hərəkəti üçün səki də olacaqdır.
On aşırımlı körpünün altından dəniz səviyyəsinədək hündürlüyü 11 metr təşkil edir.
Körpüdə işlərin xeyli hissəsi görülmüşdür. Artıq 10 dayağın tikintisi başa çatdırılmış, aşırım qurğularının müvəqqəti dayaqları qurulmuşdur, hazırda betonun tökülməsinə hazırlıq gedir. Sonradan aşırım qurğusunda monolit betonla gərginləşdirmə işi həyata keçiriləcəkdir.
Artıq körpüyə giriş hissəsi də hazırdır. Hazırda çıxış hissəsində torpaq işləri davam etdirilir.
Körpü istismara verildikdən sonra onun altından gəmilərin hərəkəti də nəzərdə tutulmuşdur. Bu məqsədlə körpünün 4-cü dayağı ilə 7- ci dayağı arasında 120 metr məsafə qazılaraq götürülmüşdür. Bu da gəmilərin körpünün altından sərbəst hərəkətinə imkan verəcəkdir. Körpüdə svayların uzunluğu 36 metr, gəmilərin keçəcəyi yerdə isə 42 metr olacaqdır.