ELM VƏ TƏHSİL
Pirallahı rayonunun ümumtəhsil məktəblərində “Son zəng” səslənib
Bakı, 14 iyun, AZƏRTAC
Pirallahı rayonunun ümumtəhsil məktəblərində “Son zəng” səslənib.
AZƏRTAC xəbər verir ki, 168 nömrəli tam orta məktəbdə keçirilən mərasimdə təhsil nazirinin birinci müavini Ceyhun Bayramov məzunları təbrik edib, onlara xoş arzularını çatdırıb.
C.Bayramov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin elm və təhsilin, ümumi təhsil məktəblərinin, peşə liseylərinin və məktəbəqədər təhsil müəssisələrinin inkişafına xidmət edən fərman və sərəncamlarına əsasən, Bakı və onun ətraf qəsəbələrində, bölgələrdə müasir standartlara uyğun yeni məktəb binaları tikilib istifadəyə verilir və hazırda bu proses müvəffəqiyyətlə davam etdirilir.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov məzunları əlamətdar gün münasibətilə təbrik edib, dövlətimizin başçısının və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın elmin, təhsilin inkişafına diqqət və qayğısını xüsusi qeyd edib. Vurğulanıb ki, Pirallahı rayonunun ümumtəhsil məktəblərinin də müasir avadanlıqlarla təmin olunması istiqamətində zəruri işlər görülür.
Tədbirlərdə rayon məktəblərinin şagirdləri maraqlı çıxışlar nümayiş etdiriblər.
Sonda on birincilər məktəbin simvolik bilik açarını birincilərə təqdim ediblər.
“Son zəng” mərasimləri rayonun bütün məktəblərində yüksək bayram əhval-ruhiyyəsi ilə başa çatıb