MƏDƏNİYYƏT
Polşada dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin xatirəsi anılıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Polşanın paytaxtı Varşavada dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin anadan olmasının 90 illiyi qeyd edilib.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi və səfirliyin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə iştirakçılara ölkəmizlə yanaşı, M.Rostropoviçin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Sonra tədbir konsert proqramı ilə davama edib. Paytaxtın Kral Sarayında reallaşan konsertdə Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov, Əməkdar Artist, tarzən Sahib Paşazadə və Əməkdar Artist, violonçel ifaçısı Aleksey Miltıx çıxış ediblər.
Konsert çərçivəsində M.Rostropoviçə həsr edilmiş və onun tərəfindən ifa olunan əsərlərlə yanaşı, Üzeyir Hacıbəyli, Fərhad Bədəlbəyli, Robert Şuman və digər bəstəkarların əsərləri səsləndirilib.
Konsertdə Polşanın hökumət və dövlət rəsmləri, o cümlədən Polşa Seym və Senatının deputatları, bu ölkədə akkreditə olunmuş diplomatik missiya və beynəlxalq təşkilatların rəhbərləri və üzvləri, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, Azərbaycan icmasının üzvləri, iş adamları və jurnalistlər iştirak ediblər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin “Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” 10 fevral 2017-ci il tarixli Sərəncamına əsasən təşkil edilib.