SİYASƏT
Prezident İlham Əliyevin Sədr Si Cinpinlə telefon danışığı Çin mediasının diqqət mərkəzindədir
Pekin, 3 iyun, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə iyunun 2-də baş tutan telefon danışığı Çinin kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, ölkənin milli xəbər agentliyi olan Sinxua, rəsmi “Jenmin Jibao” qəzeti, Çin Mərkəzi Televiziyası, nüfuzlu “China Daily” qəzeti və digər xəbər saytları bununla bağlı materiallar yayıblar.
“Si Cinpin: Azərbaycan “Bir kəmər, bir yol”un vacib tərəfdaşıdır”, “Si Çin-Azərbaycan münasibətlərinin daha da inkişafına çağırır” sərlövhəli məqalələrdə dövlət başçılarının iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafı ilə bağlı fikir mübadiləsi apardıqları, əlaqələrin daha da inkişafına tərəfdar olduqları bildirilib.
Qeyd olunub ki, telefon danışığı zamanı Sədr Si Cinpin hər iki ölkənin ənənəvi dostluğu inkişaf etdirdiyini, əməkdaşlığı dərinləşdirdiyini və qarşılıqlı dəstəyi artırdığını bildirib. Bundan başqa, Sədr Si Cinpin Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini vurğulayıb.
Xəbərlərdə vurğulanır ki, tərəflər gələn il iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinin qeyd olunacağını və bu əlamətdar hadisənin iki ölkə arasında əlaqələrin daha da inkişafına imkan yaradacağını bildiriblər.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Çin Kommunist Partiyasının yaranmasının 100 illiyi münasibətilə ÇXR Sədri Si Cinpini təbrik edib, pandemiya ilə mübarizədə dəstəyə görə Çin tərəfinə təşəkkürünü bildirib. Dövlətimizin başçısının Azərbaycan və Çinin siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq etməsi barədə fikrinə toxunan Çin mediası yazır ki, Prezident İlham Əliyev Çin şirkətlərinin ölkəmizdə fəaliyyətinin daha da genişləndirilməsini alqışladığını bildirib. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarının təşkilində Çin Xalq Respublikasına müvəffəqiyyətlər arzuladığı vurğulanıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin