REGİONLAR
Prezidentin Sərəncamı “Astaraçay” MMC-nin kollektivində böyük ruh yüksəkliyi yaradıb
Astara, 16 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin sentyabrın 12-də imzaladığı “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı kollektivimizdə böyük ruh yüksəkliyi yaradıb.
Bu sözləri AZƏRTAC-a “Astaraçay” MMC-nin baş aqronomu İsrafil İsrafilov bildirib.
O qeyd edib ki, Azərbaycanda zəngin tarixi ənənələri olan çayçılıq, çəltikçilik, habelə sitrus meyvəçiliyinin hərtərəfli dəstəklənməsi məqsədilə dövlət tərəfindən müxtəlif yardım və təşviq mexanizmlərinin, güzəştli kreditlərin, son məhsula görə subsidiyaların təmin edilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi kənd təsərrüfatının bu mühüm sahələrini stimullaşdıracaq. İ.İsrafilov dövlətimizin başçısının Sərəncamının bu sahələrin daha da inkişaf etdirilməsi istiqamətində uzunmüddətli fəaliyyət proqramı olduğunu vurğulayıb.
2011-ci ildən fəaliyyət göstərən “Astaraçay” MMC-də çayçılıqdan əlavə, çəltikçilik və sitrus meyvəçiliyinin də inkişaf etdirildiyini vurğulayan baş aqronom bu il Astara və Lənkəran rayonlarında 340, Biləsuvar rayonunda isə 300 hektarda çəltik əkini aparıldığını, 2018-ci ildə isə bu rəqəmin 1000 hektara çatdırılacağını bildirib.
Çəltik əkini ilə bağlı şirkətin nəzdində toxumçuluq təsərrüfatının yaradıldığını və yerli fermerlərin 60 tondan çox çəltik toxumu ilə təmin edildiyini qeyd edən İ.İsrafilov, eyni zamanda, 105 hektar sahədə sitrus meyvə ağaclarının əkildiyini, müəssisədə feyxoa, limon, portağal, naringi istehsalına başlanıldığını deyib.
“Sərəncamda bir sıra mühüm məsələlərə toxunulub. Çayçılıq sahəsinin inkişafının davamlı olaraq dəstəklənməsi, çay istehsalçıları və ixracatçıları assosiasiyasının yaradılması, investisiya layihələrinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə maliyyələşdirilməsi, qabaqcıl texnologiyalar tətbiq etməklə sitrus meyvələri, çay və çəltik istehsalının artırılması, emal və qablaşdırma müəssisələrinin yaradılması və digər tədbirlər bu sahələrin gələcək inkişafından xəbər verir”, - deyə o vurğulayıb.