MƏDƏNİYYƏT
QAFQAZ XALQLARI MƏDƏNİYYƏTLƏRİNİN DÜNYA MƏDƏNİYYƏTİNƏ İNTEQRASİYASINA HƏSR OLUNMUŞDUR
Qafqaz xalqlarının ədəbiyyatı, incəsənəti və teatrının təqdimat mərasimində ölməz bəstəkarımız Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının librettosunun Parisdə yaşayan soydaşlarımız Şirin Məlikovanın fransız dilinə tərcüməsi oxunaraq yüksək qiymətləndirilmişdir. Digər soydaşımız Şahin Sineriyanın verdiyi quruluş əsasında fransız aktyorları əsərdən parçaları ifa etmişlər. Dominik Dolmyo operanı gələn il Bakıda azərbaycanlı aktyorların ifasında yeni quruluşda səhnələşdirmək niyyətindədir.
Tədbirdə M.F Axundovun, C.Məmmədquluzadənin və Elçinin dram əsərlərinin fransız dilinə tərcümələri oxunmuş və onların çap üçün nəşriyyata təqdim edilməsi qərara alınmışdır.
Tədbirin sonuncu günü mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Ayaz Salayev Qafqaz xalqları arasında Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin xüsusi yeri olduğunu, Nizami Gəncəvi, Nəsimi, Füzuli, Axundov, Sabir kimi görkəmli şair və dramaturqların, Üzeyir Hacıbəyov kimi bəstəkarın şöhrətindən danışmış, onların dünya ədəbiyyatı və incəsənətinə verdikləri inciləri xüsusi vurğulamışdır.
Tədbirin sonunda Qafqaz xalqlarının mahnıları səslənmişdir. Mehriban Zəkinin saz çalaraq ifa etdiyi mahnılarımız fransızlar tərəfindən dəfələrlə sürəkli alqışlarla qarşılanmışdır.