MƏDƏNİYYƏT
“QARABAĞ MÜHARİBƏSİ: QADINLAR DA DÖYÜŞMÜŞDÜR” KİTABININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
Tədbiri xalq yazıçısı Gülhüseyn Hüseynoğlu açaraq, tanınmış yazıçı-publisisti anadan olmasının 50 illik yubileyi ilə əlaqədar Yazıçılar Birliyinin idarə heyəti adından təbrik etmişdir. Bildirmişdir ki, oxucular Z.Məhərrəmlini cəsarətli, hadisələrə obyektiv münasibətilə seçilən yazıçı-publisist kimi tanıyır. Təqdim olunan kitab yazıçının eyni mövzuda yazdığı üç kitabın-trilogiyanın davamıdır. Müəllif kitabda haqqında söz açdığı qadın qəhrəmanlarının həyatını, döyüş yolunu yaxşı öyrəndiyindəndir ki, onların hər biri artıq oxucuların sevimlisinə çevrilmişdir.
Jurnalist Flora Xəlilzadə, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova və başqaları yubilyarın yaradıcılığının və şəxsi keyfiyyətlərinin bəzi məqamlarından danışmış, uzun müddət işlədiyi “Bakı” və “Baku” qəzetlərində işlərkən həlli vacib mövzulara dair dəyərli və kəskin materiallarla çıxış etməsindən söz açmışlar. Qarabağ müharibəsində erməni işğalçılarına qarşı vuruşan qızlardan yazarkən qaynar döyüş yerlərində, düşmən əhatəsində olmasının özü də tədbirdə müəllifin qəhrəmanlığı kimi dəyərləndirilmişdir.
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin redaktorluğu ilə işıq üzü görən və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fəridə Məmmədovanın giriş sözü ilə açılan kitabın məziyyətlərindən danışarkən natiqlər onun rus dilində çap olunmasının əhəmiyyətini xüsusi diqqətə çarpdırmışlar.
Müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.