ELM VƏ TƏHSİL
“QLOBALLAŞMA VƏ İSLAM” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, AMEA-nın Şərqşünaslıq İnstitutu tərəfindən keçirilən konfransı akademiyanın humanitar və ictimai elmlər bölməsinin akademik-katibi Ağamusa Axundov açmışdır.
Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclis sədrinin müavini Gövhər Baxşəliyevanın “Müasir dünyada inteqrasiya prosesləri, islam və mədəniyyətlərarası dialoqun zəruriliyi”, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin “Qloballaşma və islam dəyərləri”, AMEA-nın müxbir üzvü, professor Vasim Məmmədəliyevin “Qloballaşma və islamda cihad anlayışı” mövzularında məruzələri dinlənilmişdir.
Məruzəçilər və çıxış edənlər bildirmişlər ki, XX əsrin axırları - XXI əsrin əvvəllərində islam dünyagörüşü sistemi həyat və davranış tərzi kimi dünyada baş verən mürəkkəb, ziddiyyətli siyasi, iqtisadi və mədəni proseslərdə mühüm rol oynamaqda davam edir. Azərbaycan bu gün sürətlə Avropaya inteqrasiya olunur və milli-mənəvi dəyərlər sahəsində baş verən prosesləri düzgün istiqamətləndirə bilmək üçün islam amili də nəzərə alınmalıdır.
Qeyd edilmişdir ki, son vaxtlar beynəlxalq aləmdə baş verən hadisələr göstərir ki, bu gün ixtilaf və münaqişələri hərbi yolla həll etmək mümkün deyildir. Sülh və danışıq, qarşılıqlı siyasi anlaşma yolları araşdırılıb tapılmalıdır. Odur ki, dünyada inteqrasiya proseslərinin gücləndiyi bir şəraitdə mədəniyyətlərarası dialoq zəruridir.