CƏMİYYƏT
Qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Bakı, 3 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində naməlum şəxsin qadına qarşı zor tətbiq edərək qızıl əşyasını alması barədə müraciət daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Müəyyən edilib ki, saat 10 radələrində M.Cəfərov küçəsində naməlum şəxs Bakı şəhər sakini M.Əliquliyevaya qarşı zor tətbiq edərək qulağındakı qızıl sırğanın bir tayını dartıb aparıb.
Soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa zamanda müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Göyçay rayon sakini, əvvəllər məhkum edilmiş İftixar Əzizov olduğu müəyyənləşib. Onun Bakı şəhər sakini olan G.Məmmədovaya qarşı eyni cinayəti törətdiyi də müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.