CƏMİYYƏT
Qadınların çantasından pul və sənədlər oğurlayan şəxs yaxalanıb
Bakı, 18 noyabr, AZƏRTAC
Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini olan üç qadına məxsus çantalardan pul və sənədlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Bünyadov yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiyinə görə saxlanılmış S.Pənahovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin - 43-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 21-dən 28-dək olan müddətdə rayondakı həyətyanı sahələrin birindən su sayğacı və “VAZ-2104” markalı avtomobildən akkumulyator oğurlaması da müəyyənləşdirilib.
İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 16-da rayon sakini Q.Bağırovanın evinə girərək quldurluq yolu ilə qızıl sırğasını, qızıl üzüyünü və iki ədəd mobil telefonunu almaqda şübhəli bilinən şəhər sakini E.Xubiyarov tutulub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.