QAN YADDAŞI


Qanlı Yanvar şəhidlərinin xatirəsi Avstraliyada da anılıb

Sidney, 20 yanvar, AZƏRTAC

Qanlı Yanvar şəhidlərinin xatirəsi Avstraliyanın Sidney şəhərində də anılıb.

AZƏRTAC xəbər verir ki, Avstraliya Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş anım tədbirində əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Tədbiri açan Avstraliya Azərbaycan Assosiasiyasının rəhbəri Mikayıl Oyta 20 Yanvar faciəsinin tarixi və səbəbləri barədə ətraflı məlumat verib, onun acı nəticələri haqqında danışıb. Qeyd edib ki, 20 Yanvar faciəsindən sonra Azərbaycan xalqı öz gələcəyini yalnız dövlət müstəqilliyinin bərpasında görüb və bu müqəddəs məqsəd uğrunda mübarizə aparıb. Erməni millətçilərinin Azərbaycana qarşı son 200 ildə həyata keçirdiyi düşmənçilikdən bəhs edən assosiasiyanın rəhbəri ötən əsrin 90-cı illərində Ermənistanın hərbi təcavüzünün acı nəticələri barədə də məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız 30 ilə yaxın idi davam edən işğala son qoyub.

Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov çıxış edərək ölkəmizin azadlığı uğrunda mübarizənin rəmzi olan 20 Yanvar tarixinin milli yaddaşımıza ən faciəli günlərdən biri kimi yazıldığını deyib. Vurğulayıb ki, bu gün, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi müasir tariximizə daxil olub, müstəqillik uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. Faciənin dünya ictimaiyyətinə çatdırılmasında və ona siyasi-hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyev əvəzsiz xidmətlər göstərib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələrindən danışan diplomat Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin nəticəsində torpaqlarımızın işğalına son qoyulduğunu xatırladıb. O, Vətənin müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dərin ehtiramını ifadə edib.

Tədbirdə çıxış edən Avstraliya Azərbaycan Assosiasiyasının fəalları 20 Yanvar faciəsi, bu günün ölkənin dövlət müstəqilliyinin bərpasında rolundan bəhs ediblər.

Sonda Diplomatiya Könüllüləri tərəfindən hazırlanmış və Qanlı Yanvar faciəsinə həsr edilmiş film nümayiş olunub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Sidney

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.