MƏDƏNİYYƏT


“Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsinin vaxtı uzadılıb

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsinin vaxtı uzadılıb.

Bu barədə ittifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev AZƏRTAC-a açıqlamasında bildirib.

“Ssenari müsabiqəsi fevralın 1-dən aprelin 30-dək elan edilmişdi. Baxmayaraq ki, kifayət qədər ssenarilər ittifaqa daxil olub, amma qurumun idarə heyətinin qərarı ilə ölkədə davam edən pandemiya şəraiti, bundan əlavə ölkəmizin müxtəlif bölgələrindən ssenari yazmaq istəyən və ya hələ ssenarisini yazıb bitirə bilməyən şəxslərin xahişini nəzərə alaraq müsabiqənin vaxtı mayın 31-dək uzadılır.

Daha sonra Əli Vəliyev qeyd edib ki, müsabiqənin peşəkar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edəcək: “Münsiflər heyəti məxfi seçim nəticəsində dörd ssenarini qiymətləndirəcək. Qalib ssenarilər ekranlaşdırılmaqla yanaşı, pul mükafatı və diplomla təltif olunacaq. Belə ki, “Ən yaxşı bədii film” ssenarisinə 5 min, “Ən yaxşı sənədli film” ssenarisinə 3 min 500, “Ən yaxşı qısametrajlı film” ssenarisinə 3 min, “Ən yaxşı animasiya film” ssenarisinə 2 min manat pul mükafatı təqdim olunacaq”.

Məlumat üçün bildirək ki, ssenari müsabiqəsinin qaydaları ilə bağlı bundan əvvəl açıqlamalar verilib. Yenidən tanış olmaq istəyənlər qurumun arki.az saytına daxil olaraq məlumat ala bilərlər.

Qeyd edək ki, ssenarilər mayın 31-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməli və ya şəxsən təqdim edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.