MƏDƏNİYYƏT
“Qarabağ” Muğam Qrupu Stokholmda geniş konsert proqramı ilə çıxış edib VİDEO
Stokholm, 18 dekabr, Rauf Əliyev, AZƏRTAC
İsveçin paytaxtı Stokholmda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə ölkəmizin Krallıqdakı səfirliyinin təşkilatçılığı və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə muğam konserti keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, konsertdə Azərbaycanın Xalq artisti professor Mənsum İbrahimovun rəhbərliyi altında “Qarabağ” Muğam Qrupu çıxış edib.
Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov qonaqları salamlayaraq keçirilən konsertin mahiyyəti haqqında söz açıb. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığından, onun dünya ədəbiyyatı və ədəbi fəlsəfəsinə olan töhfəsindən, əsərlərində təcəssüm olunan ideyaların bu gün də aktual olduğundan danışıb.
Stokholm Universitetinin professoru Səadət Kərimi çıxışında Nizami Gəncəvinin həyatından danışaraq onun əsərlərinin 8 əsr ötməsinə baxmayaraq, bu gün də müasir yazıçı və bəstəkarları ilhamlandırdığını diqqətə çatdırıb: "Nizami Gəncəvi, yerli Azərbaycan ənənələri ilə formalaşaraq, öz dahi təfəkkürü ilə dünyəvi ideallara əsaslanıb və öz əsərləri ilə bütün bəşəriyyətə səslənib. Beləliklə də onun əsərləri yerli folkloru aşaraq, dünyanın ən böyük lirik və epik poeziyasını yaradıb".
Tədbirin bədii hissəsində çıxış edən musiqiçilərimiz Azərbaycan milli muğam kompozisiyalarını ifa ediblər. Mənsum İbrahimovu Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artistlər Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət edib və onların çıxışları tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Qeyd edək ki, tədbirdə İsveçdəki diasporumuzun üzvləri, Stokholmda akkreditə olmuş diplomatik korpusun əməkdaşları, KİV və ictimaiyyət nümayəndələri ilə yanaşı, yerli siyasətçilər də iştirak ediblər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm