REGİONLAR


Qaxda “Səyyar kitabxana”nın xidmətindən beş yüzdən artıq oxucu faydalanıb

Qax, 18 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılan “Səyyar kitabxana” layihəsi artıq on gündür ki, Qax rayonunun gənclərinin, kitabsevərlərin qonağıdır. Bu müddət ərzində “Səyyar kitabxana”ya 550 nəfər kitab həvəskarı müraciət edib, onlara minə yaxın kitab təqdim olunub.

Bu barədə AZƏRTAC-a layihənin baş əlaqələndiricisi Zaur Abdullayev məlumat verib.

2013-cü ildən həyata keçirilən bu layihənin əsas məqsədi gənclərin kitaba, mütaliəyə olan marağını artırmaq, onları təmənnasız olaraq kitab və elektron kitab vəsaitləri ilə təmin etməkdən ibarətdir.

Zaur Abdullayev bildirib ki, 4 ildir fəaliyyət göstərən “Səyyar kitabxana” ötən müddət ərzində respublikamızın bir sıra şəhər və rayonlarında – Tovuz, Qazax, Quba, Qusar, Xaçmaz, Astara, Cəlilabad, Gədəbəy, Sabirabad, Balakən və digər rayonlarda oxucuların görüşünə gedib.

Üstüörtülü xüsusi yük maşınında fəaliyyət göstərən “Səyyar kitabxana”nın fondunda beş minə yaxın kitab və on beş min elektron nəşr var. Oxucuların işini asanlaşdırmaq məqsədilə kitabxanada xüsusi proqramda nəşrlərin elektron kataloqu yerləşdirilib. Kitabxanada Azərbaycan, türk, rus və ingilis dillərində 8 bölmə üzrə nəşrlər mövcuddur. Kitabxana, həmçinin iki ədəd noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub.

Layihənin əlaqələndiricisinin sözlərinə görə, oxucular klassik Azərbaycan şair və yazıçılarının əsərlərinə, həmçinin ölkəmizin tarixi ilə bağlı kitablara daha çox maraq göstərirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.