CƏMİYYƏT
Qazax rayonunda beş ədəd top mərmisi aşkarlanıb
Bakı, 11 avqust, AZƏRTAC
Avqustun 10-da saat 14:45-də Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Cəfərli kəndində beş ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Ərazidə otlaq sahəsinə birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində iki ədəd üzərində partladıcısı olan və üç ədəd tərkibində heç bir partlayıcı maddə olmayan 37 millimetrlik top mərmiləri (BR-167) aşkarlanıb. Həmin hərbi sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərmilərin tapıldığı yerin ətrafında 250 kvadratmetr əraziyə yerüstü, 100 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.