REGİONLAR
Qəbələdə keçirilən əmək yarmarkasında 71 nəfər işə göndəriş alıb
Qəbələ, 18 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə rayonda növbəti əmək yarmarkası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mədəniyyət mərkəzində keçirilən yarmarkanın açılış mərasimində Məşğulluq Mərkəzinin direktoru Elxan Səlimov, rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev çıxış edərək ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar.
Tədbirdə məlumat verilib ki, əmək yarmarkasında iştirak edən vətəndaşlara 34 idarə, müəssisə və təşkilat tərəfindən 210 boş iş yeri təqdim olunub.
Boş iş yerlərinə görə vətəndaşlara 150-600 manat məbləğində əməkhaqqı təklif edilib. Yarmarkada iştirak edən 360 nəfər işaxtaran və işsiz vətəndaşdan 71-i öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş alıb. Vətəndaşlar əsasən sənaye, təhsil və səhiyyə müəssisələrində, xidmət təşkilatlarında, tikinti sahəsində, turizm obyektlərində işlə təmin edilib.