DÜNYA
Qərbi Balkan ölkələri arasında rouminq tarifləri ləğv edilir
Podqoritsa, 6 dekabr, AZƏRTAC
Qərbi Balkan ölkələri arasında rouminq tariflərinin ləğvi prosesinə başlanması ilə bağlı saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənəd Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa İttifaqı (Aİ)-Qərbi Balkan ölkələri sammiti çərçivəsində imzalanıb. Sammitdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Albaniyanın Baş naziri Edi Rama, Monteneqro Prezidenti Milo Cukanoviç, Kosovo Prezidenti Vyosa Osmani, Serbiya Prezidenti Aleksandar Vuçiç, Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Zeljka Cviyanoviç və Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski iştirak ediblər.
Sammit çərçivəsində Rusiya-Ukrayna gərginliyi, xarici müdaxilələrə qarşı regionda təhlükəsizliyin gücləndirilməsi, miqrasiyadan irəli gələn problemlərin həlli, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi məsələlər müzakirə olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa