ELM VƏ TƏHSİL
Qızılağac körfəzinin hidrometeoroloji və hidrokimyəvi vəziyyəti tədqiq olunub
Bakı, 24 aprel, AZƏRTAC
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda keçirilən elmi seminarın növbəti iclasında dosent Zabit Allahverdiyev “Xəzər dənizinin səviyyə dəyişmələrinin Qızılağac körfəzinin morfoloji xarakteristikasına, hidrometeoroloji və hidrokimyəvi şəraitinə təsirinin tədqiqi” mövzusunda təqdimatla çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəçi Qızılağac körfəzində çöl tədqiqat işlərinin nəticələri barədə məlumat verib. Qeyd olunub ki, Kiçik və Böyük Qızılağac körfəzlərində əvvəlcədən təyin edilmiş nöqtələrdə dərinlik üzrə ölçmə işləri aparılıb, səth suyundan və dib çöküntülərindən nümunələr götürülüb, axın sürətinin, səth suyunun və havanın temperaturu ölçülüb, kiçik və böyük körfəzlər arasındakı mübadilə kanallarının (su axıdılan, qəza və balıq keçən) hazırkı vəziyyəti və dənizin səviyyə durumu haqqında məlumatlar toplanıb.
Müşahidələr göstərir ki, antropogen təsirlər nəticəsində Kiçik Qızılağac körfəzinin ekoloji vəziyyəti çox pis hala düşüb, sahil zonaları plastik və digər tullantılarla zibillənib. Dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xətti 100-200 metr məsafədə formalaşıb. Materiklə adanı birləşdirən bənd, Kiçik Qızılağacla dənizi birləşdirən qəza kanalı və balıqların körfəzdə kürü tökməsi üçün istifadə olunan kanal yaxşı və işlək vəziyyətdədir. Qızılağac körfəzi ərazisində havanın çoxillik temperaturu (1991-2016-cı illər üçün - 14,8 dərəcə) normadan (1961-1990-cı illər - 14,1 dərəcə) 0,7 dərəcə çoxdur. Ərazidə yağıntıların artması müşahidə edilir. Belə ki, norma 1067 mm olduğu halda, 1991-2016-cı illərdə atmosfer çöküntülərinin orta illik göstəricisi normadan (1115 mm) çox müşahidə edilib.