REGİONLAR
Qobustanda Vətən müharibəsi şəhidinin adına tikilən bulaq istifadəyə verilib VİDEO
Qobustan, 11 may, AZƏRTAC
Qobustanda Vətən müharibəsi şəhidi Sərxan Eldar oğlu Hacıyevin xatirəsinə inşa edilən bulağın açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 11-də keçirilən açılış mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər. Öncə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda şəhidin şərəfli həyat yolundan danışılıb. Qeyd edilib ki, Sərxan Hacıyev 1990-cı il iyulun 8-də Qobustan şəhərində anadan olub. Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib, igidliklə döyüşüb. Təəssüf ki, döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. Göstərdiyi igidliyə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Çıxışlarda 2020-ci il sentyabrın 27-də başlanan və 44 gündə Qələbə ilə başa çatan Vətən müharıbəsinin tarixi əhəmiyyətindən danışılıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun şücaətindən bəhs edilib, Sərxan və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib.
Şəhidin atası Eldar Hacıyev dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıdan razılıq edib, Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib. O, bulağın inşa olunmasında əməyi keçən hər kəsə təşəkkürünü ifadə edib.