REGİONLAR
Qobustanda çağırışçı gənclərin bir qrupu təntənəli surətdə həqiqi hərbi xidmətə yola salınıb
Qobustan, 11 iyul, AZƏRTAC
Qobustan rayonunda çağırışçı gənclərin təntənəli mərasimlə həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çağırışçı gənclər əvvəlcə Heydər Əliyev parkında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin rəisi, polkovnik-leytenant Mərdan Nəhmətov bu gün Cənubi Qafqazda ən güclü ordu olan Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan danışıb. O, ölkəmizdə Silahlı Qüvvələrin formalaşmasında və hərbi qüdrətinin artırılmasında ulu öndər Heydər Əliyevin, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərini xüsusi vurğulayıb. Aprel döyüşlərində, Ordumuzun 100 illiyi ilə əlaqədar keçirilən hərbi paradda Azərbaycan Silahlı Qüvvələrinin hərbi qüdrətini düşmənə, eləcə də dünyaya göstərdiyini vurğulayan natiq Ordumuzun torpaqlarımızı işğalçılardan azad etməyə hər an hazır olduğunu diqqətə çatdırıb.
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, veteranlar və valideynlər gənclərə şərəfli hərbi xidmət arzulayıb, Vətənimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin tapşırığını layiqincə yerinə yetirməyi tövsiyə ediblər.
Çıxışlardan sonra incəsənət ustalarının ifasında maraqlı konsert proqramı təqdim olunub.
Sonda çağırışçı gənclər Azərbaycan bayrağını öpüb, müqəddəs “Qurani-Kərim”in altından keçərək hərbi marşın sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşüblər.