REGİONLAR
Qubadlı sakinlərinin tibbi müayinəsi respublikanın 41 şəhər və rayonunda aparılır VİDEO
Sumqayıt, 3 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Prezident İlham Əliyevin ölkə vətəndaşlarının kütləvi pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq Qubadlı rayonunda da uğurla icra olunur. Rayon əhalisinin tibbi müayinəsi respublikanın 41 şəhər və rayonunda həyata keçirilir.
Bunu AZƏRTAC-a müsahibəsində Qubadlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nüsrət Əhmədov bildirib.
Baş həkim qeyd edib ki, Sumqayıtda fəaliyyət göstərən Qubadlı Rayon Mərkəzi Xəstəxanası müasir tibbi avadanlıqlarla təchiz olunub. Bu da sakinlərin lazımi qaydada müayinədən keçməsinə zəmin yaradır. Gün ərzində tibb ocağında 200-ə yaxın sakin müayinə olunur. Rayon mərkəzi xəstəxanasının poliklinikasında 2613 nəfər tibbi müayinədən keçib. 78 nəfər ambulator müalicəyə cəlb olunub, 8 nəfər stasionar rejimdə Bakı və Sumqayıt şəhərlərinin xəstəxanalarına müayinə və müalicə üçün göndərilib.
Ümumilikdə isə martın 3-nə kimi 5285 nəfər tibbi müayinədən keçib ki, onlardan da 2232 nəfəri Bakı şəhərində, 440 nəfəri isə digər rayonlarda müayinə olunub.
Qubadlı Rayon İcra Hakimiyyətində müvafiq strukturların əməkdaşlarından ibarət komissiya yaradılıb, işin təşkili üçün tədbirlər planı hazırlanıb. Baş həkim işin təşkili barədə ətraflı məlumat verərək qeyd edib ki, sakinlər ultrasəs, stomatologiya, terapiya, kardioqrama və digər tibbi müayinələrdən keçirilirlər. Səyyar həkim briqadaları məcburi köçkünlərin məskunlaşdığı yerlərdə müayinələr aparır. Yaşlı insanların evlərində müayinədən keçirilməsi üçün ərazi icra nümayəndəlikləri tibb müəssisələrinə müvafiq kömək göstərirlər.
Tibbi müayinədən keçən məcburi köçkünlər aksiyanın təşkilinə, eləcə də vətəndaşların sağlamlığına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.