REGİONLAR
Qusar-Əniğ-Ləzə avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Qusar rayonu ərazisindəki Qusar-Əniğ-Ləzə avtomobil yolunun yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yekunlaşdırılır.
Bu barədə AZƏRTAC-a tikinti işlərini həyata keçirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata əsasən, uzunluğu 28 kilometr olan Qusar-Əniğ-Ləzə avtomobil yolu üçüncü texniki dərəcəyə uyğun yenidən qurulur. Torpaq işləri ümumi olaraq 80 min kvadratmetr ərazini əhatə edib.
Bundan başqa, yol boyu yararsız vəziyyətə düşmüş suötürücü borular yenisi ilə əvəz olunub. Bunun üçün 168 poqonmetr uzunluğunda müxtəlif diametrli suötürücü dəmir-beton boruların quraşdırılması işləri aparılıb. Yolda torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri də həyata keçirilib.
Yol əsası hazır olan kimi asfaltlanma işlərinə başlanılıb. Asfaltlanma işləri 200 min kvadratmetrdən çox ərazidə aparılaraq yekunlaşdırılır.
Vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün zəruri olan ərazilərdə 17 min kvadratmetr sahədə piyada səkilərinin tikintisi işləri görülüb. Səkilərin kənarlarına 10 min poqonmetrdən çox yeni səki daşları düzülüb, yol üzərində olan kanalizasiya quyuları layihə hündürlüyünə qaldırılıb.
Layihəyə uyğun olaraq, yol boyu 5 avtobus dayanacağı inşa ediləcək, 211 işıq dirəyi quraşdırılacaq, dəmir-beton qoruyucu bloklar düzüləcək.
Ümumilikdə isə 7 kəndi birləşdirən və turistlərin Şahdağ qış-yay turizm kompleksinə gediş-gəlişi daha da rahatlaşdıracaq avtomobil yolunda yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.