DÜNYA
RUSİYA VƏ QAZAXISTAN XƏZƏRDƏKİ MÜBAHİSƏLİ YATAQLARIN BİRGƏ İŞLƏNİLMƏSİ HAQQINDA RAZILIĞA GƏLMİŞLƏR
Mayın 13-də Rusiya və Qazaxıstan prezidentləri Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi haqqında iki ölkə arasında sazişə dair protokol imzalamışlar. Tərəflər orta xətdə yerləşən və buna görə də uzun müddət ərzində mübahisəli qalmış üç yataq barəsində razılığa gəlmişlər. İmzalanmış sənədə uyğun olaraq, həmin yataqlar 50:50 formulu üzrə birgə işləniləcəkdir.
Vladimir Putin bildirmişdir ki, Rusiya və Qazaxıstan “əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində çox mühüm addım atdılar”. O demişdir: “Xəzər problemi üzərində işdə əsl irəliləyiş əldə edilmişdir. Bu, ikitərəfli münasibətlərdə əhəmiyyətli hadisədir və onun Avropa və Şimali Amerikadakı tərəfdaşlarımız üçün də ciddi müsbət səmərəsi olacaqdır”.
Nursultan Nazarbayev isə bildirmişdir ki, Rusiya ilə Qazaxıstan daha bir sıra razılaşmalara nail olmuşlar. Məsələn, mayın axırları - iyunun əvvəllərində neftin Rusiya ərazisi ilə 5-10 il ərzində uzunmüddətli tranziti haqqında müqavilə imzalanacaq, habelə Ekibastuz DRES-də “Rusiya Vahid Enerji sistemi” Səhmdar Cəmiyyəti ilə müştərək müəssisə yaradılacaqdır.
İTAR-TASS-ın verdiyi xəbərə görə, imzalanmış protokol Xəzər dənizinin şimal hissəsində yerləşən “Kurmanqazı”, “Sentralnoye” və “Xvalınskoye” yataqlarına aiddir. Sənəddə Xəzər dənizinin şimal hissəsi dibinin bölünməsi üzrə modifikasiya edilmiş orta xəttin coğrafi koordinatları müəyyənləşdirilir. Orta xətdə yerləşən bu yataqların istismarında paylar Rusiya ilə Qazaxıstan arasında bərabər bölüşdürülür. Vladimir Putinin fikrincə, bu cür bölgünü ədalətli adlandırmaq olar.