MƏDƏNİYYƏT


Regionlarda ustad dərslərin keçirilmə təcrübəsi genişlənir

Bakı, 21 noyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən noyabrın 19-dan 21-dək Gəncə Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Musiqi və İncəsənət məktəblərinin fortepiano, tar və xor-dirijorluq ixtisas müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması üzrə ustad dərsləri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, dərslər Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq musiqi məktəbi, Z.Qayıbov adına 5 nömrəli Uşaq Musiqi məktəbi və Gəncə şəhər Uşaq İncəsənət məktəbində keçirilib.

Mərkəzin Bədii təhsil şöbəsinin müdiri Sevil Ələkbərova bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində gənc nəslin estetik tərbiyəsinin formalaşması, onların musiqi alətlərində ifa etmək bacarıqları, nəzəri biliklərə yiyələnməsi məhz Bədii təhsilin ilkin pilləsidir.

“Bədii təhsil sahəsinin bugünkü inkişafı bu sahədə çalışan müəllimlərin hazırlıq səviyyəsindən, bilik və bacarıqlarından, peşə ustalığından asılıdır. Yüksək bədii zövqlü musiqiçi yetişdirmək hər bir müəllimin qarşısında duran əsas vəzifələrdən biridir. Bədii təhsil sahəsində çalışan müəllimlər yaradıcı insanlardır. Onlar gələcəyin xalq artisti, bəstəkarını, Azərbaycanın professional musiqisini dünya səhnələrində təbliğ etmək bacarığına malik olan şəxsiyyətlər formalaşdırır, musiqiçi yetişdirirlər”, - deyə S.Əkbərova əlavə edib.

Bildirilib ki, ustad dərslər uşaq, yeniyetmə və gənclərin ifaçılıq qabiliyyətinin inkişaf etdirilməsi, yaradıcılıq bacarıqlarının düzgün istiqamətləndirilməsi, böyüməkdə olan gənc nəslin bədii-estetik dünyagörüşünün formalaşmasında müsbət rol oynayır. Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində fəaliyyət göstərən müəllimlərin bilik, bacarıq və peşə səriştələri tədris metodikasının xüsusiyyətləri, pedaqogika və psixologiya ilə əlaqəsinin öyrədilməsi müasir tələblərə uyğun həyata keçirilir.

Sonda ustad dərslərini dinləyən müəllimlərə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən sertifikatlar, dərsi keçən müəllimlərə isə diplomlar təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.