ELM VƏ TƏHSİL
Rəsədxanada “Sorin ulduzları” sənədli filminin təqdimatı olub
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Sorin ulduzları” sənədli filminin təqdimatı keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) yaradıcı qrupu tərəfindən hazırlanan film Y.Qaqarin adına Pionerlər Sarayının nəzdində fəaliyyət göstərmiş astronomiya dərnəyinin rəhbəri, pedaqoq Sergey Sorinin həyat və fəaliyyətinə həsr olunub.
Tədbirdə “Rossotrudniçestvo” agentliyinin Azərbaycan üzrə rəhbəri Valentin Denisov, filmin ideya müəllifi RİMM-in əməkdaşı Dimitriy Panamaryov, Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, fizika-riyaziyyat üzrə elmlər doktoru Sabir Məmmədov, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Dimitriy Şestopalov S.Sorinlə bağlı xatirələrini bölüşüblər.
Sonda “Sorin ulduzları” sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, S.Sorin astronomiyanın inkişafına böyük töhfələr verib, onlarla astronom yetişdirib. O, Şamaxı Astrofizika Rəsədxanası layihəsinin tərtibatında da yaxından iştirak edib. S.Sorin akademik H.Soltanov və V.Kratomla birlikdə bütün Azərbaycanı gəzdikdən sonra rəsədxananın tikilməsi üçün Pirqulu ərazisini məqsədəuyğun hesab ediblər.