MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə bir sıra materiallar hazırlayıb
Bakı, 26 iyun, AZƏRTAC
26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları bu mövzuda kitab sərgiləri təşkil edib və bir sıra materiallar hazırlayıblar.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videoçarxlarda Silahlı Qüvvələr Gününün keçdiyi tarix yol və bu günün əhəmiyyəti haqda məlumatlar verilib, müasir Azərbaycan ordusunun görüntüləri də yer alıb. Hərbi vətənpərvərlik hisslərini tərənnüm edən bu videoçarxlar sosial şəbəkə istifadəçiləri, xüsusilə də yeniyetmə və gənclər üçün öz dərin məzmunu və maraqlı məlumatları sayəsində çox faydalı olacaq. Müxtəlif dövrlərdə Azərbaycan ordusu və hərb tariximizə dair nəşr edilən kitablardan ibarət kitab sərgiləri istifadəçilərin xüsusi marağına səbəb olub. Respublika Gənclər Kitabxanasının sosial şəbəkə səhifələrinə yerləşdirdiyi hərbi vətənpərvərlik mövzusunda olan materiallar öz baxış sayına görə həmişəki kimi, bu dəfə də fərqlənib.