MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanasının 90 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fəaliyyətinin 90 illiyi münasibətilə “Kitabxanalar-ənənələr və innovasiyalar” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan kitabxananın direktoru Oruc Quliyev mədəniyyət ocağının keçdiyi tarixi yola nəzər salıb. Bildirib ki, bu gün ölkəmizdə 90 yaşı olan az sayda kitabxanalardan biri olan C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycanın mədəni-maarif sahəsinin inkişafında əvəzsiz rol oynayır. Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, onun milli vətənpərvərlik tərbiyəsi, yüksək təhsil tələbləri, dünyaya açılması, yeniliyə, yeni texnologiyalara açıq olması, həyatında milli dəyərlərlə bəşəri dəyərləri uğurla sintez edə bilmək qabiliyyəti kitabxananın fəaliyyətinin əsas ideoloji platformasını təşkil edir.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev kitabxana əməkdaşlarını təbrik edərək Prezident İlham Əliyevin Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncamı oxuyub.
V.Əliyev deyib: “90 il qısa zaman deyil və bu müddət ərzində bir kitabxana öz oxucu auditoriyasını qoruyub saxlaya, fondunu bir neçə nəslin mütaliə tələbatına uyğun komplektləşdirə bilibsə, demək onun fəaliyyətini uğurlu hesab etmək olar”.
Diqqətə çatdırıb ki, gəncləri cəmiyyətin intellektual üzvü kimi yetişdirmək və onların mədəni inkişafını təmin etmək hər bir toplum üçün ən aktual məsələlər sırasındadır. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti və cəmiyyətimizin lokomotivlərinə göstərilən dövlət qayğısı bu məsələnin nə dərəcədə prioritet olduğunu göstərir.
Respublika Gənclər Kitabxanası gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində, onların mütaliə marağının ödənilməsində və asudə vaxtlarının səmərəli təşkilində daim fəal iştirak edib və hazırda bu istiqamətdə səmərəli xidmət göstərməkdədir. Kitabxana Azərbaycanda gənc oxucularla iş üzrə ictimai kitabxanalara dəstək verən elmi informasiya mərkəzidir.
Qeyd edilib ki, Respublika Gənclər Kitabxanası müasir dövrdə baş verən qlobal proseslərdə öz yerini tapmalı, gənclərə müasir kitabxana-informasiya xidmətinin təşkili məqsədilə milli-mədəni və elmi irsin qorunması, mühafizəsi, emalı və xidmətə verilməsi sahəsində fəaliyyətini beynəlxalq təcrübə və müasir tələblərə cavab verə biləcək səviyyədə təşkil etməlidir. Virtual məkanda fəaliyyətini genişləndirmək, sosial şəbəkələrdə gənclərin daima yanında olmaq məqsədilə kitabxana müntəzəm olaraq yenilikləri öyrənməli, tətbiq etməli, treninq və təlimlər keçirməli, təcrübə mübadilələrinin nəticələrini təhlil etməli və yeni çağırışların önündə hazır olmalıdır.
Konfransda “Müasir dövrdə akademik informasiya xidmətinin xüsusiyyətləri”, “Kitabxanaçılıq təhsili və müasir gənclik”, “Müasir informasiya resursları və Azərbaycan dilli kontent” və bir sıra aktual mövzularda məruzələr dinlənilib.