DÜNYA
Riqa istiqamətində uçan bir neçə təyyarə Litvanın digər hava limanlarına yönləndirilib
Riqa, 18 yanvar, AZƏRTAC
Güclü qar səbəbindən Riqa istiqamətində həyata keçirilən bəzi uçuşlar Vilnüs, Kaunas və Palanqa şəhərlərinə yönləndirilib.
AZƏRTAC “BNS” portalına istinadla xəbər verir ki, Litva Hava Limanları (“Lietuvos Oro Uostai”) şirkətinin mətbuat-katibi Tadas Vasilyauskasın sözlərinə görə, hava şəraiti ilə əlaqədar “Air Baltic” aviaşirkətinə məxsus bir təyyarə ötən gün Vilnüsə eniş edib. Buna qədər “Wizz Air” və “Air Baltic” aviaşirkətlərinə məxsus iki təyyarə Kaunasa, Dubay və Parisdən gələn “Air Baltic”in iki təyyarəsi isə Litva paytaxtına yönləndirilib.
Həmçinin Kopenhagendən Riqaya uçan “Air Baltic” aviaşirkətinə məxsus daha bir təyyarənin də Palanqa hava limanına yönləndirildiyi barədə məlumat verilib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa